Ağciyər Xəstəlikləri İnstitutunda ölümlərin səbəbi: reanimatoloq qıtlığı, yoxsa... – REPORTAJ- FOTOLAR
    • 29-01-2020, 14:26
    • 3 522

Ağciyər Xəstəlikləri İnstitutunda ölümlərin səbəbi: reanimatoloq qıtlığı, yoxsa... – REPORTAJ- FOTOLAR

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ard-arda baş verən ölüm halları ajiotaja səbəb olub. Artıq bir həftədən çoxdur ki, xəstəxanada baş verən bu hadisələr bir çox sualları ortaya çıxarıb. Son məlumatlarda bildirilir ki, ölənlərin sayı üç nəfər olub. Sırağagün, yanvarın 27-də isə daha bir nəfərin ölməsi ilə bağlı məlumat da saytımıza daxil olub. 

Cəmiyyəti narahat edən bu və digər məsələləri aydınlaşdırmaq və baş verənləri öz gözlərimizlə müşahidə etmək məqsədilə News24.az-ın çəkiliş qrupu ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yollandıq.

Xəstəxananın girişinə çatar-çatmaz mübahisə ilə üzləşdik. Bundan əvvəl də saytımıza xəstəxanada baş verən olaylarla bağlı açıqlama verən ictimai vəkil Samir Zeynalovun xəstəxanaya daxil olmağa cəhd etdiyini, mühafizəçilərin isə icazə vermədiyini gördük. 

News24.az-a danışan vəkil bildirdi ki, yanvarın 22-də institutda daha bir nəfər ölüb və ictimaiyyət bundan beş gün sonra xəbər tutub: “Bu xəbəri mətbuata, hər kəsə mən çatdırmışam. Artıq son bir həftə ərzində bu xəstəxanada 3-cü ölüm hadisəsidir. Hətta dünən yanvarın 27-də də ölüm hadisəsi baş verib, gizlədirlər. İnstitutun baş həkimi etiraf edib ki, həqiqətən də institutda həkim reanimatoloq çalışmır. Bura daxil olan xəstələri tibb bacıları, təmizlik işinə baxan personal qəbul edir. Bu isə tamamilə qanunsuzdur. TƏBİB-in əməkdaşları da iki gün öncə burda yoxlama həyata keçirib, nəticədə vaxtı keçmiş dərmanlar aşkarlanıb. Reanimasiya şöbəsi anti-sanitar, baxımsız şəraitdədir. İnstitutda süni tənəffüs aparatları olsa da, həmin aparatları işlədə bilən həkim-reanimatoloq yoxdur”. 
 
Xəstəxanada bir həftədə bir, iki, üç... ölüm.... 

S.Zeynalov qeyd edir ki, yanvar ayının 14-də iki nəfər öldü, amma ölmək təhlükəsi olan üçüncü şəxs xəstəxanadan elə həmin gecə çıxarılıb:
 “Samux rayonundan olan Kərimli Kənan Abaddin oğlu hazırda Avrasiya Hospitalındadır. Bu xəstəni yaxınları onu gecə saat 2-də Ağciyər Xəstəlikləri İnstitutundan çıxarıb hospitala gətiriblər. Hospitalda həmin xəstəni ölümdən qurtaran Ağciyər İnstitutunun keçmiş həkimi -reanimatoloq Vüqar Səfərov olub”. 

S. Zeynalovun sözlərinə görə, institutda xəstələrin əsl ölüm səbəbləri həkim reanimatoloqun olmamasıdır: “Fikrət həkim reanimasiya şöbəsinin müdiridir, ürək əməliyyatı olunduğuna görə, o, əmək qabiliyyətini müvəqqəti olaraq itirib. Digər həkimlər – Vüqar Səfərov, Ruhiyyə Abdullayeva, Elşən Həsənov isə işdən çıxarılıblar”.

Vəkil bildirib ki, üçüncü - vəziyyəti ağır olan şəxsin həyatını xilas etmək mümkün olub: “O üç xəstə də, başqa xəstəxanaya təxliyyə olunsaydı, bəlkə də ölməzdilər. Direktor Həqiqət Qədirova reanimasiyanın tibb bacılarını, digər işçiləri otağına çağırıb bu məsələni aydınlaşdırmağa çalışır ki, bu məlumatı institutdan kənardakılara kim ötürüb. Yəni belə çıxır ki, burda məqsəd ölüm faktlarını gizlətməkdir. Kimsə bunu bilməsəydi, cəmiyyət də xəbər tutmayacaqdı”. 

Hüquqşünas onu da əlavə edib ki, Ağciyər Xəstəlikləri İnstitutundan işdən çıxarılan başqa bir həkimi 2 il sonra işə bərpa edib: “Bu həkimlərdən birini - Uşaq vərəmi şöbəsinin həkimi Səbunə Məmmədovanın qanunsuz işdən çıxarıldığlına görə işə bərpa olunmasına yardım etmişəm. İki ildən sonra sübut etdik ki, həqiqətən də o, qanunsuz olaraq işdən azad olunub”.
 
Hüquqşünas iddia edir ki, Ağçiyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirovanın 70 yaşı var və o, gənc kadrların çalışmasına imkan vermir: “Həqiqət xanım gəncləri sıxışdırır. O, əvvəllər də analoji hərəkətlərinə görə, Respublika Qicslə Mübarizə Mərkəzindən tutduğu direktorluq vəzifəsindən azad olunub. 5 il sonra isə bu institutda işə başlayıb”. 

Təmirsiz otaqlar, köhnə qapılar...

Vəkili dinlədikdən sonra xəstəxanaya daxil olub, məlumatları dəqiqləşdirməyə cəhd etdik. Qapının qarşısında dayanan mühafizəçi çəkilişə icazə verməsə də, uzun-uzadı danışıqlardan sonra onu içəri daxil olmağımıza razı sala bildik. Baxmayaraq ki, çəkiliş qrupu ilə getmişdik, çəkilişə icazə verilmədi, bu səbəbdən də əməkdaşımız içəri tək daxil oldu, telefonun iməri aparılmasına icazə verilmədi. Xəstəxananın direktoru Həqiqət Qədirova ilə danışmağa çalışdıq, amma onun ölkədə olmadığı bildirildi. Mühafizəçinin müşayiətilə həkimin otağına yollandıq. Xəstəxanada ən çox diqqətimi təmirsiz otaqlar, köhnə qapılar, cırıldayan döşəmə cəlb elədi.

Bir-biriniə bitişik dəhlizi adlayıb, iri bir otağa daxil olduq. Şöbədəki həkimlərlə danışıb ittihamlara cavab vermələrini istədik. Amma mənə məlumat verməyəcəklərini, bunun üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mətbuat xidmətindən razılıq əldə olunmasını tələb etdilər. TƏBİB-dən icazə üçün telefonumuzu gətirmələrini istədik. Təəssüf ki, TƏBİB xəstəxananın tibb personalının müsahibəsinə icazə vermədi. Qurumdan bildirildi ki, bundan əvvəl baş verən ölüm hadisələri ilə bağlı məlumat ictimaiyyətə açıqlanıb, digər ölüm halını isə dəqiqləşdirib xəbər edəcəklər. 

Həkimlər od püskürdü... 

Amma qadağalara rəğmən həkimlərlə dil tapmağa çalışdıq. Adlarının çəkilməsini istəməyən tibb işçilərinin əslində ürəyi “dolu” idi.
"Dünən zəng vurub deyirlər ki, Bəxtiyar Kamilov adlı xəstəniz ölüb. Donub qaldım, biz bu xəstəni evə buraxmışıq. Jurnalistlərin hərəsi bir tərəfdən zəng edir, xəstə ölüb, gizlədirsiz” deyə Bəxtiyar Kamilovun həkimi əsəblə söhbətə başladı: 

“Bəxtiyar ölməyib, evində çay içir...”

“Necə ola bilər axı, indicə evə buraxdığımız xəstəni deyirlər ölüb, evlərinə zəng elədik. Fikirləşdik, bəlkə maşın vurub. Amma həyat yoldaşı “çay içir” dedi. Bezmişik daha, nə qədər olar, əsəblərimiz korlanıb. Başqa xəstəxanalar müalicə etsinlər də, görüm, komada olan xəstəni necə ayağa qaldıra bilirlər. Burda hamısı kritik vəziyyətdə olan xəstələrdir. Xəstəm haqqında yalan məlumatı oxuduğumda nə qədər əsəb keçirdim. İraq olsun xəstəmiz ölə də bilərdi. Bu o demək deyil ki, bizi mediada biabır etməlidirlər”.

Digər həkim də otağa gəlib, söhbətə müdaxilə elədi:  “İki ginekoloji xəstəni ağır vəziyyətdən çıxardıq. Hər bir həkimin sağalan xəstəsi də, ölən xəstəsi də ola bilər. Bu, Allahın işidir. Dünyada indi qocalıqdan ölən insanların sayı aşağıdır. İnsanlar ya qəzadan, ya da xəstəlikdən ölür. Bizə çox pis təsir edib, başımızı aşağı salıb ağır xəstələrlə işləyirik, ordan-burdan yalan xəbər yayırlar. Nə qədər uğurlarımız var, heç birindən yazmırlar”. 
Tibb bacılarından biri öldüyü deyilən Bəxtiyar Kamilovun telefon nömrəsini verdi. Biz də öz növbəmizdə  onunla əlaqə saxladıq: “Gələndə çox pis vəziyyətdə idim. Gördüyünüz kimi, ölməmişəm, artıq xəstəxanadan da çıxmışam. Sevda həkimə burdan təşəkkür edirəm, vəziyyətim çox yaxşıdır”. 

Ölən üçüncü xəstənin qızı... 

Digər həkim isə yanvarın 22-də üçüncü xəstənin vəfat etdiyini etiraf etdi. Onun sözlərinə görə, rəhmətə gedən Zemfira Sultanova 1951-ci təvəllüd olub: “Ölən xəstədə anemiya, böyrək çatışmazlığı, 3-4-cü dərəcəli tənəffüs çatışmazlığı, 3-4-cü dərəcəli piylənmə var idi. Çox ağır xəstə idi. Əlimizdəın gələni etdik ki, ölməsin. Hansı həkim istəyər ki, onun xəstəsi həyatını itirsin? Bu qədər ağır diaqnozu olan adama həkim nə etməldir?  Yaş da öz sözünü deyir axı... Nə gəldi yazırlar, danışırlar? Mərhumun qızı da gəlmişdi bura, dedi ki, niyə anamın ruhunu narahat edirsiz?! Baxın, bu da qızının ərizəsidir, xəstəxanamızdan razılıq edir. Bu söz-söhbətlər bütün iş ahəngini pozub. Hamı gərgin işləyir burda”.

“Reanimatoloq yoxdur, o demək deyil ki, bundan ölürlər...”

“Bəli, reanimatoloq yoxdur, bilirəm. Amma reanimatoloq yoxdur, o demək deyil ki, xəstələr bundan ölürlər”- deyə həkim əlavə edib: “Həkimlər əlindən gələni edir, hər gün iki növbəli işləyirlər”. 

Həkim yanvarın 14-də iki xəstənin öldüyü zaman reanimasiya şöbəsinin müdirinin işdə olmaması məsələsinə də münasibət bildirib: “Yalan söhbətdir. Fikrət müəllim işdə olub. Hətta bir nəfər də əlavə olaraq orada çalışır. O ki qaldı, digər xəstənin başqa xəstəxanaya köçürülməsinə, onlar öz xahişləri ilə xəstələrini çıxarıblar. Bu qanunvericiliyimizdə də var, xəstə həkim və tibb müəssisəsi seçimində azaddır. Kimsə, ağzına gələni, qərəzli şəkildə yayır, haqqımızda düzgün olmayan xəbərlər yayırlar. Ən az ölüm hadisələri bizim xəstəxanadadır, halbuki ölkənin digər xəstəxanalarından ən ağır xəstələri bizə gətirirlər. Digər xəstəxanalarda ölüm hadisələri olmur məgər? Burda qərəz var. O özünü ictimai vəkil adlandıran şəxs ancaq bizə söz atmaqla məşguldur.  Həqiqət xanım alimdir, burda nə qədər yeniliklər edib. Təsəvvür edin, xəstəxanamız 1961 -ci ildə tikilmiş binadı, yavaş -yavaş daha da düzəldirik. Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu qanunla işləyirik, hansı dərmanlar lazımdırsa, onlar bizə göndərirlər. Onun hesabına insanlar sağalır. Yəni yaxşı əməllər bir tərəfə qalır, doğru olmayanlar danışılır”. 

O ki qaldı yanvarın 27-də də dördüncü xəstənin ölüm xəbərinə, həkim bildirdi ki,  həmin tarixdə ölən olmayıb. 

Həkimlərlə danışdıqdan sonra xəstəxanadan çıxdıq, həyətdə yaxınlarını gətirən insanlarla da rastlaşdıq. Bacısını iki ay müddətində burada müalicə edən qadınla həmsöhbət olduq: “Bacım iki aydır bu xəstəxanada müalicə olunur. Burda yaxşı həkimlər var. Amma iki gün əvvəl bacımla eyni xəstəxanada yatan qadın dünyasını dəyişdi.  Burda az qala hər gün kimsə ölür. Allahın işidir, ağır xəstələrdir əksəriyyəti...”.

4-cü xəstənin də öldüyü təsdiqləndi 

Beləliklə, xəstəxanadan qayıdırıq. Bütün suallarımıza cavab tapdıq deyə bilmərik. Günün sonuna yaxın TƏBİB-ə ünvanladığımız sorğuya da cavab gəldi. Yanvarın 27-də daha bir nəfərin ölməsi ilə bağlı xəbər təsdiqini tapdı:  "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 27.01.2020-ci il tarixdə baş vermiş ölüm hadisəsi haqda məlumatında bildirilir ki, xəstə Nəsirova Səbinə Heydər qızı 1983-cü il təvəlledlü ETACXİ-na 12.12.2019 -cu il tarixdə saat 12.40-da olduqca ağır katexetik vəziyyətdə daxil olub və "ağciyərlərin infiltrativ vərəmi" şübhəsi ilə 2-ci reanimasiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində vərəm xəstəliyi inkar edilib və xəstə "İnsanın İmmun çatışmazlığı Virusu İnfeksiyası- İV klinik mərhələ. interstitial pnevmoniya, oral kandidozala" diaqnozu ilə 19.12.2019-cu il tarixdə birinci reanimasiya şöbəsinə köçürülüb və müvafiq müalicə təyin edilib. Reanimatoloq, pulmonoloq və QİÇS-lə mübarizə Mərkəzinin həkiminin nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin-ağçiyər, ürək çatışmazlığı inkişaf edib və 27.01.2020-ci il tarixdə saat 10. 40-da bioloji ölüm qeyd olunub".
 
Afaq Mirayiq