"Nə vitamin tapa bilirik, nə "Arbidol", indi biz ölməliyik?- ƏHALİ DƏRMANLARIN ƏL ALTDAN SATILMASINA ETİRAZ EDİR
    • 8-07-2020, 14:56
    • 631

"Nə vitamin tapa bilirik, nə "Arbidol", indi biz ölməliyik?- ƏHALİ DƏRMANLARIN ƏL ALTDAN SATILMASINA ETİRAZ EDİR

“Aptekdə dərman qalmayıb, pandemiya vaxtı bu nə bəladır, düşmüşük. Vitamin C-ni soruşuram, deyirlər yoxdur. Axır bir aptekdən 7-8 manata olan vitamini 27 manata güclə tapdıq. Arbidol da neçə vaxtdır tapılmır. Əl altdan satış qiyməti 60-100 manat arasında dəyişir. Halbuki 50 mq-lıq arbidol 7-8 manata idi. Tamiflyunu soruşuram, əvvəl 40-50 manata idi, indi 300-400 manata təklif edirlər, o da tapılsa”. 

Bu, News24.az-a Əfruzə Həsənova adlı oxucudan daxil olan şikayət məktubunda bildirib. O, adi qripdən xəstələndiyini və apteklərdən dərman tapmamasından narazılıq edir: “Nəyə görə apteklərə gələn dərmanları kimsə baha qiymətə satmalıdır. Nə Paracetamol, nə Ergeferon, nə də D vitamini qalıb. Biz indi ölməliyik?!”

Növbəti şikayət isə Nigar Abdullayeva adlı oxucudan daxil olub. Onun sözlərinə görə,  koronavirus xəstətəsi olan qohumuna dərman ala bilmirlər: “Xalam təcili yardım çağırdı, dedilər xəstəxanada yer yoxdur. Məcbur olub özəl klinikaya apardıq. Orda da həkimin yazdığı bir dərman 700 manata hesablandı. Biz o qədər pulu hardan alaq bu pandemiya vaxtı”. 

Dərman çatışmazlığı ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən News24.az-a bildirildi ki, bununla bağlı məsələyə Səhiyyə Nazirliyi cavabdehdir. 
Bundan sonra Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən deyildi ki, dərmanların satışı ilə Apteklər Şəbəkəsi məşğuldur. Bu məsələ nazirliyə tabe deyil. 

Beləliklə, ilk olaraq “AVİS” lə əlaqə saxladıq. Aptekdən arbidol, paracitamol, ergeferon, qramlıq C vitamininin olmadığı bildirildi: “Arbidol uzun müddətdir ki, depoya gəlmir. Ergeferon isə iki həftədir ki, gətirilmir”. 
"Sizdə əl altdan satış varmı"- deyə soruşduqda isə bildirildi: “Digər apteklərdə əl altdan satış edildiyini biz də eşitmişik, amma bizim aptekdə yoxdur”.
Zeytun” və “Avromed” apteklərindən də– Arbidol, Paracetamol, Ergeferon, Vitamin C, D, Azitromisin kimi dərmanların olub-olmadığını soruşduq, burda da adıçəkilən dərman preparatlarının olmadığını bildirdilər. 

Son olaraq bununla bağlı hər hansı nəticə əldə etmədiyimizə görə çox təəssüfləndik. Ən pisi isə o odur ki, bu məsələ ilə bağlı cavabdeh olan bir qurum və ya şəxs tapılmadı. 
Nəticə olaraq onu deyə bilərik ki, hazırda ölkədə pandemiyanın ən ağır vaxtında vacib dərmanların olmaması bir eyib, üstəlik dərman satışının  bu cür kortəbii şəkildə aparılması böyük fəlakətlərə yol aça bilər... 


Afaq Mirayiq