Gömrüklə bağlı qərara yenidən baxılmalıdır - DƏYİŞİKLİK MƏQSƏDƏUYĞUN DEYİL – Vüqar Bayramovdan YENİ TƏKLİF
    • 25-08-2020, 18:09
    • 1 146

Gömrüklə bağlı qərara yenidən baxılmalıdır - DƏYİŞİKLİK MƏQSƏDƏUYĞUN DEYİL – Vüqar Bayramovdan YENİ TƏKLİF

"Optimal dəyişikliklər etmək daha düzgün olardı. Təklifimiz də budur ki, limitlər anidən yox, mərhələli şəkildə azaldılsın".

Bunu Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər etməsi ilə bağlı News24.az-ın sorğusunu cavablandıran millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Nazirlər Kabinetinin gömrüklə bağlı yeni qərarı limitlərin kəskin endirilməsini nəzərdə tutur: “Bu qaydalara əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi. Həmçinin vətəndaşın 30 gün müddətində 1 dəfə mal idxal hüququ yaranır. 30 gün ərzində vətəndaşın Azərbaycana gətirilən ikinci bağlamasından 36% artıq rüsum tələb olunacaq. Yəni güzəşt birdən-birə 3 dəfə azaldılıb”.

V.Bayramovun sözlərinə görə, hazırkı mərhələdə Nazirlər Kabinetinin bu qərarı məqsədəuyğun deyil və yenidən baxılmalıdır: “Dövlət Gömrük Komitəsinin arqumenti bundan ibarətdir ki, şəxsi istehlak üçün sifariş verilən məhsullar daha sonra satışa çıxarılır və vergidən yayınırlar. Nəticə etibarilə izlənilməsi çətinləşir. Ona görə biz Avropa İttifaqı ölkələrində olduğu kimi şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını tələb edirik.

Burada belə malların satışına görə cərimələrin və eləcə də inzibati məhdudiyyətlərin ağırlaşması da nəzərdə tutula bilər. Biz həmçinin təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli şəkildə həyata keçirilsin. Bütün hallarda limitin 3 dəfə azaldılması məqsədəuyğun deyil. Limitlərə yenidən baxılıb optimallaşdırılması daha məqsədəuyğundur”.

Deputat Avropa ölkələrində bu prosesin az halda icra edildiyini vurğulayıb: “Bizim hər zaman istinad etdiyimiz inkişaf etmiş Avropa ölkələrində limitlərin çox nadir hallarda 3 dəfədən çox dəyişdirilməsi, azaldılması və ya artırılması baş verir. Limitlər mərhələli şəkildə dəyişdirilməlidir ki, həmin bizneslə məşğul olanlar buna adaptasiya ola bilsin. Həmçinin də bunun fonunda limitlərin mərhələli azaldılmasının təsirlərini öyrənib müəyyənləşdirmək olar. Optimal dəyişikliklər etmək daha düzgün olardı. Təklifimiz də budur ki, limitlər anidən yox, mərhələli şəkildə azaldılsın. Bu baxımdan Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması yerinə optimallaşdırmaq üçün yenidən baxılması mümkündür”. 

Məhərrəm Əliyev