"YAP-ın VII qurultayı ölkədə keçirilən islahatların davamıdır" - ŞƏRH
    • 5-03-2021, 17:50
    • 335

"YAP-ın VII qurultayı ölkədə keçirilən islahatların davamıdır" - ŞƏRH

"YAP-ın qurultayını dövlət başçısının həyata keçirdiyi islahatların davamı kimi anlaya bilərik".

Bunu News24.az-a açıqlamasında YAP-ın VII qurultayını şərh edən siyasi ekspert Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, qurultayda baş verən bütün hadisələr nümayəndələrin iradəsinə uyğun şəkildə həyata keçirilib: “Bu gün keçirilən qurultayı prinsip etibarilə təbii qarşılayıram. Bu, YAP-ın daxili işi və prosedurudur. Əsas məsələlərdən biri 6 siyasi partiyanın YAP-a qoşulmasıdır. Siyasi partiyaların birləşməsi məsələsinə müsbət yanaşıram. Bu qurultay ölkənin siyasi arenasında partiyaların fəaliyyətinə real məzmun vermək baxımından kifayət qədər önəmlidir və prosesin digər müstəvilərdə davam etməsi üçün mühüm əhəmiyyət daşıyan bir faktordur”.

Ekpertin fikrincə, Siyasi Şuranın ləğvi və idarə heyətində olan dəyişikliklər düşünülmüş və doğru addımdır: “Çünki siyasi Şura anlayışı mahiyyət etibarilə sosialist dövlətlərinə, kommunist partiyasına məxsus sistemə aiddir. Siyasi partiyada əsasən idarəçilikdən söhbət getməlidir. Bu baxımdan da yerində və adekvat yanaşma tərzinin hesablandığını deyə bilərəm. Verilən mesajlar da çox önəmli idi. Nəzərə alsaq ki, ölkə Prezidenti hakim partiyanın rəhbəridir və Birinci vitse-prezident sədr müavinidir, bu baxımdan YAP-ın qurultayını ölkədə keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirmək mümkündür”. 

Siyasət şöbəsi