Türkiyənin dövrəyə girməsi Rusiyanın planını pozdu - POLİTOLOQ
    • 17-03-2021, 14:13
    • 583

Türkiyənin dövrəyə girməsi Rusiyanın planını pozdu - POLİTOLOQ

“Əgər Türkiyə ilə münasibətlərdən danışırıqsa, bizim asan olmayan, çox çətin, lakin effektivli birgə əməkdaşlığımız mövcuddur. Çətindir ona görə ki, bizə mane olurlar. Həm də Türkiyənin NATO-ya üzv olması mane olur. Amma öz-özlüyündə deyərdim ki, hətta misilsiz təcrübədir, bir ölkə NATO-ya üzvdür, digər ölkə isə üzv deyil. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi çox çətin əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim. Çünki bura çox sayda arqument, element və motiv daxildir”.
 
Bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Tengrinews” agentliyinə müsahibəsində deyib.
 
Politoloq Cümşüd Nuriyev hesab edir ki, Şoyqu bu məsələyə toxunmaqla Rusiyanın etirazını gündəmə gətirir. O, News24.az-a açıqlamasında bildirib:


“Şoyqu Müdafiə naziridir və siyasi məsələləri müzakirə etməyə ixtiyarı yoxdur. Türkiyə NATO yarananda, ona üzv olmayıb. NATO 1949-cu ildə yaranıb. Türkiyə 1952-ci ildə NATO-ya üzv olub. 1954-cü ildə SSRİ NATO-ya üzv olmaq üçün müraciət edib, amma qəbul etmədilər. Səbəb kimi də qeyd edilib ki, səmimiyyətlərinə inanmırlar. Rusiya tarixən heç vaxt verdiyi sözü tutmayıb. Bu məsələnin üzərindən illər ötməsinə baxmayaraq, anlaşılır ki, amerikanlar daha uzaqgörən imiş. Üçtərəfli bəyanatda ATƏT-in 3 həmsədri olduğu halda niyə Rusiyanın sülhməramlıları seçildi? Qarabağdakı sülhməramlı qüvvələrin olması BMT nizamnaməsinin 6-cı fəsilinin 37, 44-cü maddələrini tamamilə pozur. Onların missiyası sülhyaradıcı, qoruyucu və təminedicidir. Sülhməramlılar öz missiyalarından başqa hər şeylə məşğul olurlar. Bu, yol verilən məsələ deyil”.


C.Nuriyev bildirib ki, Türkiyənin dövrəyə girməsi Rusiyanın planını pozub:

“Ona görə açıq etiraf edirlər ki, bu, onlar üçün çox çətindir. Türkiyənin NATO-ya üzv olması Rusiyanı narahat etməməlidir. Çünki Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. KTMT isə NATO-nun alternativi olan hərbi blokdur. Türkiyə Azərbaycanın maraqlarına uyğun müqailə bağlanmasına təkid etdi. Birgə monitorinq aparıldığı üçün Rusiya sülhməramlıları mövcud beynəlxalq hüququn normalarına riayət etməyə məcburdular. Şoyqunu narahat da edən də odur ki, planlarını reallaşdıra bilmirlər. Rusiyanın əsas məqsədi o idi ki, Qarabağın statusu olsun. Status olduğu halda məsələ siyasi müstəviyə keçirdi. Azərbaycan Prezidenti bu məsələnin əleyhinə getdi. Şoyqu isə bunu həzm edə bilmir”.


Politoloq bildirib ki, Rusiya bir şeyi başa düşməlidir ki, yeganə xilas yolu Türkiyədir: “Rusiya onsuz da çökməyə başlayıb. Türkiyə Rusiyanın üzərindən əlini çəksə, vəziyyəti daha da çətinləşəcək. ABŞ prezidenti Bayden Rusiyaya açıq müharibə elan edib, digər tərəfdən Ukrayna məsələsi gündəmə gəlib. Polşa öz torpaqlarını istəyir, Moldova əlindən çıxır, Gürcüstan öz məsələsini gündəmə gətirib. Qazaxıstanla Orenburq uğrunda savaş başlayır, Çin Cənubi Sibiri almaq niyyətindədir, Yaponiyanın isə Kuril adalarını geri qaytarmaq fikri var. Çünki ikinci dünya müharibəsindən sonra Rusiya bu torpaqları alıb. ABŞ-ın əsas marağı isə Uzaq Şərqi ələ keçirməkdir. Bütün bunları nəzərə alsaq, Rusiya paramparça olacaq.

Zəif iqtisadi mühitlə, Qarabağda uduzduğu hərbi silahlarla və əlində olan qeyri-peşəkar ordu ilə heç nə əldə etməyəcək. Şoyqunun aqressivliyi zəifliyindən irəli gəlir və sözlə qorxutmağa çalışır. Ancaq dövlət başçımızın son iki gün ərzində etdiyi səfərlər göstərdi ki, Azərbaycan öz mövqeyini dəyişməyəcək”.



O vurğulayıb ki, Azərbaycanın anti-terror əməliyyatı həyata keçirməsi Rusiyanın və müttəfiqinin qorxduğu əsas nüansdır. Yaxın iki ay ərzində Azərbaycan bunu həyata reallaşdıracaq. Rusiya sülhməramlılar vasitəsilə birmənalı şəkildə Qarabağın ərazisinə - Xankəndi, Xocalı və Xocavəndə nəinki Ermənistandan, eləcə də Suriyadan, İraqdan və Livandan erməni terroristləri gətirir. Dövlət başçımız da məsələdən agahdır. Azərbaycan istədiyi vaxt qanunvericiliyə əsasən, öz ərazisində anti-terror əməliyyatı apara bilər. İqtisadi, siyasi və mənəvi cəhətdən Rusiya yoxmuş kimidir. Buna görə də siyasi gedişlərini dəyişməsə, öz içindən dağılacaq”. 

Siyasət şöbəsi