Bu, hədiyyə yox, SEVGİ KARVANIDIR
    • 3-06-2021, 18:47
    • 521

Bu, hədiyyə yox, SEVGİ KARVANIDIR

Türkiyənin nüfuzlu iş adamı, Uşaq Oyunları Federasiyasının başqanı - Mehmet Mutlunun təşəbbüsü ilə minlərlə hədiyyə daşıyan karvan Azərbaycana gəldi.

News24.az-ın məlumatına görə, Türkiyədən azərbaycanlı şəhid və qazi övladları üçün gələn hədiyyə marafonunu Mehmet Mutlu ilə yanaşı Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, millət vəkili, professor Mustafa Ilıcalı, İstanbul Universiteti rektorunun yardımçısı, professor İlyas Topsakal və Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk müşayiət edirdi. 

Azərbaycan tərəfdən bu karvana millət vəkili Arzu Nağıyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu dəstək verirdi.

“Hədiyyə karvanı” ilk olaraq Tovuzdan start götürdü. Rayon ictimaiyyəti, şəhid ailələri və qazilərin iştirakı ilə balacaları sevindirən marafon daha sonra Ağstafa, ardınca Gədəbəy və Gəncəni əhatə etdi.

Xeyirxah və gözəl missiya daşıyıcıları bütün görüşlərdə dünyamızı rəngləndirən uşaqların könlünü sevindirməyi özünə borc bildiklərini, xüsusən Azərbaycanın bütövlüyü üçün canından keçən şəhidlərimizin övladlarının hər birimizə əmanət olduqlarını vurğuladılar. Qeyd etdilər ki, şəhidlərimizin yadigar qoyduqları balalar, eləcə də Vətən müharibəsi iştirakçılarının hər birinin övladı bizlər üçün dəyərli, əzizdir. 

Onu da deyək ki, “Hədiyyə karvanı” Azərbaycanın 16 bölgəsini əhatə edəcək.

Müxbir: Məhərrəm ƏLİYEV
Foto: Hüseyn HƏSƏNOV