Təcili yardım vətəndaşlardan niyə məlumat toplayır?
    • 21-11-2022, 16:27
    • 375

Təcili yardım vətəndaşlardan niyə məlumat toplayır?

Təcili tibbi yardıma müraciət edənlər telefon danışığı zamanı operatorun onlara əlavə suallar verməsindən şikayətçidirlər. Onlar bildirir ki, telefon danışığı zamanı əlavə sualların cavablandırılması vaxt itkisidir və bu vaxt kəsiyində xəstənin halı daha da ağırlaşa bilər. Bəs, təcili yardıma müraciət edərkən bu qədər əlavə suallar verilməsinə ehtiyac varmı?


"Təxirəsalınmaz yardımda hər bir insanın xüsusi kodu olur. Əlbəttə, anamnez toplamaq, pasport məlumatlarını yığmaq vaxt aparır. Amma indiki dövrdə başqa bir variant yoxdur. Ona görə səhiyyəni sistemə salmaq, onun infrastrukturunu yenidən qurmaq lazımdır".

Bunu News24.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla deyib. 

O bildirib ki, səhiyyəmiz sistemli fəaliyyət göstərmədikcə, bu cür problemlər davam edəcək: "Nə qədər ki, bütün xəstələrin qeydiyyatı, kodlaşdırması aparılmayıb və ailə həkimi institutu yoxdursa, bu şəkildə sorğu-suallar davam edəcək. Əslində sorğu edən orqanı qınamaq da olmur. Onlar məlumatlar almalıdırlar. Çünki hesabat verəcəklər". 

Professor əlavə edib ki, ən çox eşitdikləri problemlərdən biri də təcili yardımların gecikməsidir: "Təcili yardımlar yollardakı ağır tıxac səbəbindən bəzən çağırılan ünvana vaxtında çata bilmir. Bakı şəhərində günün hansı saatında şəhərə çıxsaq, görürük ki, tıxaclar təcili yardım maşınların hərəkətinə əngəl yaradır. Digər tərəfdən də çağırışların çox daxil olması səbəbindən gecikmələr baş verir".

Qumral Əliyeva