Azərbaycanda anasının əlindən çıxıb qaçan 4 yaşlı qız  öldü – TƏFƏRRÜAT
    • 1-02-2023, 12:01
    • 180

Azərbaycanda anasının əlindən çıxıb qaçan 4 yaşlı qız öldü – TƏFƏRRÜAT

Balakən rayonunda idarə etdiyi “Vaz 2107” markalı avtomobillə 4 yaşlı Mirvari Asif qızını vurub öldürən sürücü, Hənifə kənd sakini İlkin Nəbiyevə hökm oxunub.

News24.az-ın əldə etdiyi məlumata görə, Balakən rayon Məhkəməsində keçirilən prosesdə vəfat edən azyaşlının ailəsi sürücüdən şikayətçi olmayıb. 

Faciəvi şəkildə ölən uşağın anası məhkəmədə bildirib ki, hadisə vaxtı Gülzanbinə adlanan ərazidə yol kənarı ilə piyada gedirlərmiş. Bu zaman 4 yaşlı qız anasının əlindən çıxaraq qaçmağa başlayıb. Anası mane olmağa şalışsa da, uşağı tutub saxlaya bilməyib. Nəticədə azyaşlı saatda 67 kilometr sürətlə hərəkət edən avtomobilin altında qalıb. Uşaq və ana dərhal xəstəxanaya çatdırsa da, Mirvarini xilas etmək mümkün olmayıb.

Balakən rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə 1985-ci il təvəllüdlü İlkin Nəbiyev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə onun 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına və 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

Taleh BAĞIROV