Maska taxıb evə girdilər - Qohumlarının əl-qolunu bağladılar – AZƏRBAYCANDA
    • 18-02-2020, 17:52
    • 1 500

Maska taxıb evə girdilər - Qohumlarının əl-qolunu bağladılar – AZƏRBAYCANDA

Bir neçə ay əvvəl Zaqatala rayonunda baş vermiş quldurluq hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Zəngiyev Fərhad Tahir oğlu və Zəngiyev İsmayıl Aydın oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin quldurluq maddəsinin 4 bəndi (181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə, 181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; 181.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;) üzrə açılan işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək. 

Məlumata görə, avqustun 16-da naməlum şəxslər Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahibi ilə Ümuküs Zəngiyevanın əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri 31 yaşlı Fərhad və 21 yaşlı İsmayıl Zəngiyevlər, eləcə də Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib və onlardan ikisi Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs F.Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.