"Qanun dərman qiymətlərinə təsir etməyəcək" - Ekspert
    • 18-08-2023, 17:51
    • 373

"Qanun dərman qiymətlərinə təsir etməyəcək" - Ekspert

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikləri təsdiq edib. Bundan əvvəl müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirilməsi qeydiyyat və satışda nizamsızlığın yaranmasına səbəb olurdu. 

Bu baxımdan qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq? 
 
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qanun dərman qiymətlərinə təsir etməyəcək.

“Azərbaycanda dərman sahəsində ciddi narazılıqlar var. Ona görə də yeni qanun layihəsi bu sahədə müəyyən qədər nizamın yaranmasına xidmət edəcək.Sözsüz ki, həm qeydiyyat, həm də keyfiyyətlə bağlı nəzarətin gücləndirilməsinə səbəb ola bilər. Lakin bu qanunun dərman qiymətlərinə təsir edəcəyini düşünmürəm”.

Onun sözlərinə görə, Azərbaycanda dərman istehsalı demək olar ki, yoxdur. 

“Biz yüzdə 96% xaricdən asılıyıq. Dərman preparatlarında qiymətlərə təsir göstərən əsas amil bazarda az sayda oyunçuların olmasıdır. Həmçinin vergi və gömrük siyasəti də rol oynayır. Düzdür gömrük dərəcələrində dərman vasitələrinin gətirilməsində müəyyən qədər yaxşılaşmalar var. Ancaq satışdan ƏDV (əlavə dəyər vergisi) tutulur. Bu da dərman preparatlarının bahalaşmasına səbəb olur. Yaxşı olardı ki, ölkəmizdə də dərman istehsalının olamdığını və bunun  sosial məsələ olduğunu nəzərə alaraq satışda 18% ƏDV ləğv edilsin.. Dərman bazarının ümumi həcmi təxminən doqquz yüz milyon bir milyard azn arasıdır. Bunun ƏDV-si də 180 milyon azndır. yəni bu, dövlət büdcəsinə çox da ciddi təsir etməyəcək. Bununla dərman vasitələri 15-20 % ucuzlaşa bilər”,-  deyə o fikrini yekunlaşdırıb. 

Milli Məclis Səhiyyə Komitəsinin sədr müavini deputat Rəşad Mahmudov isə ekspertdən fərqli olaraq qeyd edib ki, qanun yaxın vaxtda qiymətlərə təsirini göstərəcək.



“Bu qanunun qüvvəyə minməsi cəmiyyətdə uzun müddətdir ki, gözlənilən idi. Təsirini yaxın müddət ərzində bizə hiss etdirəcək. Ölkədə qeydiyyat sisteminin daha da sürətlənməsi və bununla yanaşı bolluğun yaranması müşahidə ediləcək. Eyni zamanda qiymət optimallaşdırılmasının da şahidi olacağıq. Bununla yanaşı hazırda ölkə daxilində ölkə başçısının nəzarəti altında dərman sektorunun və xüsusilə bu sahənin inkişafına dair ciddi işlər görülür. Zaman içərisində  keyfiyyətli, optimal qiymətə və təhlükəsiz dərman vasitələrinin əlçatanlığı artacaq”. 
 
Ayşən Rəhim