"Ermənistan bir müddət sonra daha ağır şərtlərlə yalvarmalı olacaq" - Politoloq
    • 11-10-2023, 14:08
    • 410

"Ermənistan bir müddət sonra daha ağır şərtlərlə yalvarmalı olacaq" - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Azərbaycanın iştirakı olmadan keçirilmiş toplantıda onun ərazi bütövlüyünü tanıyan bəyanatı imzalayıb. Ermənistan ənənəvi çoxqütblü siyasətinə sadiq qalaraq bir yandan Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən sənədə imza atır, digər tərəfdən isə Fransa ilə hərbi əməkdaşlığı genişləndirir. 

Bir müddət öncə Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib.

Ermənistan parlamentinin qəbul etdiyi  Roma Statutunun ratifikasiyası İrəvan-Moskva münasibətlərini daha da gərginləşdirdi. Rusiya XİN mövzu ilə bağlı bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. 

Kreml sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin sözügedən qərarını düşmənçilik kimi qiymətləndirib. 

Bir sıra analitiklər hesab edir ki, Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı Rusiyadan gələcək təhlükələr fonunda həyata keçirilir.  

Ermənistanın bu addımları sülh prosesini  nə dərəcədə təhdid edir? 

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın siyasi kursu bütövlükdə paradokslar üzərində qurulub.

"Ermənistan Fransanın tapşırığına uyğun Rusiyanın regionda təsir dairəsini sıxışdırmaq və bunu başqa bir ölkə ilə əvəzləmək üçün müxtəlif paradoksallıq təşkil edən manevrlər etməklə məşğul olur"

"Ermənistanın həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsindəki davranışlarında məntiq axtarmaq düzgün olmazdı.

Onun davranışları bölgədəki vəziyyətlə ziddiyət təşkil edir. Bunun səbəbi sadədir: Ermənistan müstəqil siyasət yeritmə qabiliyyəti olmayan, qondarma dövlət yanaşma tərzi sərgiləyir. Sözügedən ölkənin davranışındakı fərqliliklərin səbəbi hər dəfə fərqli istiqamətlərdən sifariş almasıdır. Ölkələrdən biri hansısa təlimatın icrası ilə bağlı ona tapşırıq verir və o yöndə addım atmağa başlayır. Digər qütb isə Ermənistana qarşı konkret bir mövqe sərgiləyərək onun siyasi rəhbərliyini "başa salmağa" çalışır ki, bölgədə kənar qüvvələrlə bağlı hər hansı manevrlərin edilməsi nəticədə özü üçün ciddi problemlərə səbəb ola bilər. Bu zaman da Ermənistan tamamilə fərqli mövqedən çıxış etməyə başlayır. Ermənistan daima xarici dairələrdən gələn sifarişlərin icrası ilə məşğul olur”.

Politoloqun sözlərinə görə, Ermənistanın iddiaları regionda geosiyasi maraqları olan ölkələrdən qaynaqlanır. Bu isə dayanıqlı sülh maneə olan amillərdir:  “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Bununla yanaşı müəyyən iddialar irəli sürür. Ermənistan Rusiyaya açıq şəkildə "Çıx get, səninlə əməkdaşlığa son qoyuram", - deyə bir mövqe sərgiləyə bilmir.  Ermənistan qlobal geosiyasi proseslərin alqoritmlərinə uyğun olaraq hərəkət edir”.

E.Mirzəbəyli qeyd edib ki, Ermənistan bir müddət sonra Zəngəzur dəhlizinin reallaşması üçün daha ağır şərtlərlə yalvarmalı olacaq.

“Ermənistan bölgədə keçirilən layihələrdən kənarda qalmaqla özünün "dalan ölkə" statusunu möhkəmləndirməyə davam edir", - deyə o, fikrini yekunlaşdırıb. 

Ayşən