Moskva sülhməramlılara hansı "status”u almağa çalışır? - POLİTOLOQ AÇIQLADI
    • 12-10-2023, 13:22
    • 417

Moskva sülhməramlılara hansı "status”u almağa çalışır? - POLİTOLOQ AÇIQLADI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə deyib ki, 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə korrektə edilib və onların fəaliyyəti 19-20 sentyabrdan sonra əhalinin kütləvi şəkildə axını fonunda adaptasiya olunacaq

Onun sözlərinə görə, Bakı ilə Rusiya sülhməramlılarına dair fundamental məsələlər müzakirə olunur: “Artıq Rusiya sülhməramlı kontingentinin bir sıra müvəqqəti müşahidə postları yığışdırılıb”.

Maraqlıdır, artıq Qarabağda xunta rejimi yoxdur, Xankəndidə Azərbaycanın suverenliyi bərpa edilib. Belı olan surətdə, Rusiya XİN sözçüsü “adaptasiya” dedikdə nəyi nəzərdə tutur, Moskva sülhməramlılara hansı “status”u almağa çalışır?

Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya "adaptasiya" dedikdə nəzarətin yenidən sülhməramlılara keçirilməsini nəzərdə tutur.

“Azərbaycan təhlükəsizlik orqanları bölgədə təhlükəsizliyi tam təmin edir. Rusiya tərəfi qeyd edir ki, güya Qarabağ meşələrində qanunsuz erməni terror dəstələri var. Bu səbəbdən də təhlükəsizliyin təmini baxımından rus hərbi birləşmələrinin bölgədə qalmağına ehtiyac var. Əlbəttə, bu, kökündən yalnışdır. Azərbaycan tərəfi buna icazə verməyəcək. Rusiya ermənilərin geri qayıtması fonunda sülh müqaviləsinin şərtlərini irəli sürüb və Azərbaycan tərəfinə də onu təqdim edib. Azərbaycan ermənilərin Qarabağa qayıtmasında bir problem görmür. Lakin rus sülhməramlıların adaptasiya olması üçün əlavə müqavilələr lazımdır ki, Azərbaycan da bunu istəmir”.

M.Əsədullazadənin sözlərinə görə, Azərbaycan antiterror əməliyyatı keçirdikdən və qanunsuz silahlı qruplaşmaların bölgəni tərk etməsindən sonra demək olar ki, Qarabağda sülhməramlı qüvvələrinə ehtiyac qalmayıb. 

“Rusiya prezidenti də "Valday" klubunda bildirdi ki, rus sülhməramlıları bölgədə atəşkəsə nəzarət edir və onların əlavə statusu yoxdur. Antiterror tədbirləri situasiyanı dəyişdi, Azərbaycan suverenliyini tam bərpa etdi. Hazırda artıq sülhməramlı kontingentinin vaxrından əvvəl bölgəni tərk etməsi istiqamətində addımlar atıla bilər. Bu isə Ermənistanla deyil, Azərbaycanla müzakirə ediləcək bir məsələdir, Azərbaycanın daxili işidir. Peskov da bunu Azərbaycanla müzakirə edəcəklərini vurğuladı. Rusiya hərbi birləşmələrin bölgədə qalması üçün çalışır. Məqsəd, Rusiyanın Cənubi Qafqazda mövqeyini saxlamaqdan ibarətdir”, - deyə o, fikrini yekunlaşdırıb.

Ayşən