Zəngəzur dəhlizi Türkiyənin gündəmində: hansı qərar veriləcək?
    • 29-11-2023, 13:11
    • 243

Zəngəzur dəhlizi Türkiyənin gündəmində: hansı qərar veriləcək?

Məlum olduğu kimi, Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələni gündəmdə saxlayaraq bu yöndə fəallığını davam etdirir. 

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, gündəmdə olan əsasə məsələ Azərbaycan-Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması və dəhlizlərin işə düşməsidir. 


“Türkiyə daha çox bunun üçün çalışır. Sözsüz ki, Ermənistanın mövqeyindən çox şey asılıdır. Təəssüf ki, Ermənistan hakimiyyəti sülh mövzusunda hələ də qəti addımlar atmağa tələsmir. Ehtiyat edərək müəyyən mərkəzlərdən əmrlər gözləyir. Lakin Türkiyə bu istiqamətdə aktivliyini getdikcə artırır. Sözügedən iclasda Cənubi Qafqaz və Zəngəzur dəhlizini müzakirə etməsi həm də onu göstərir ki, Türkiyə də Azərbaycan kimi məsələlərin qısa müddətdə həllini arzulayır. Bu yöndə fəallığını biraz da artıra bilər”.

Politoloq qeyd edib ki, Türkiyə artıq İkinci Qarabağ müharibəsi dönəmindən bu yana Cənubi Qafqazda möhkəmlənib.

“Türkiyə Zəngəzur dəhlizini hər zaman gündəmdə saxlayır. Başda prezident Ərdoğan olmaqla, türkiyəli rəsmilər tez-tez bu mövzu barədə açıqlamalar verirlər. Bu, yalnız Azərbaycanla strateji müttəfiqliklə bağlı deyil. Bunu Rusiya da qəbul edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi   bir neçə gün öncə Ankaraya səfər edərək burada Türkiyə XİN müavini ilə görüş keçirdi. Bu o deməkdir ki, Acvropanın özü də Türkiyənin Cənubi Qafqazda fəal rolunu qəbul edir”.

Məsələ ilə bağlı proqnozlarını dilə gətirən beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert İsmail Cingöz də vurğulayıb ki, iclasın ən önəmli mövzusu Zəngəzur dəhlizi ilə bağlı olacaq.


“ ABŞ, Fransa və Vaşinqton müxtəlif yollarla Ermənistana sirayət etməklə. oraya hərbi qüvvələr toplamaqla bölgəyə yerləşmək və Zəngəzur dəhlizini nzəarət altına almaq üçün əllərindən gələni edəcəkləri istisna edilmir. Bu istiqamətdə bir neçə gün öncə ABŞ göstəriş üçün olsa belə Ermənistanla hərbi təlim həyata keçirdi. Həm Fransa ,həm də ABŞ Ermənistana hərbi dəstəyi artırmaq üçün müxtəlif təşəbbüslər gerçəkləşdirir. Lakin Yeni Dünya nizamının ən önəmli xüsuslarından biri olan "Demir İpək yolu"  layihəsinin kəsişməsi və əsas nöqtəsinə çevrilən Zəngəzur dəhlizi İngiltə və Çinin də xüsusi diqqətini çəkir. Əlbəttə Cənubi Qafqazda nəzarəti itirmək istəməyən Rusiya hələ də bölgədə fəaliyyətini davam etdirmək üçün bir sıra addımlar atmağa davam edir. İran sözügedən koridorun "qırmızı xətt" olduğunu tez-tez dilə gətirir. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılması üçün fəallığını artırmağa davam edir. İclasda İranla da razılaşmalara yönəlik  mövzular gündəmə gətirilə bilər”.

Onun sözlərinə görə, hazırda sözügedən coğrafi ərazilər səssiz-sədasız dünya gündəmində öz yerini qoruyub saxlayır.

“Zəngəzur dəhlizini gələcəyin ən vacib strateji gücü vəziyyətinə gələcək. Bunu Türkiyə də çox yaxşı anlayır”, - deyə o, fikrini yekunlaşdırıb.

Ayşən Rəhim