Hitlerin axtardığı alman əsgəri - MARAQLI FAKTLAR
    • 22-05-2024, 14:23
    • 240

Hitlerin axtardığı alman əsgəri - MARAQLI FAKTLAR

17 fevral 1942-ci ildə “Faşizmə ölüm” partizan dəstəsinin üzvləri Smolensk yaxınlığındakı Kurqanovo kəndində yaşayış olmayan kənd evlərinin birindən heç bir müqavimətlə üzləşmədən alman ordusunun əsgərini ələ keçiriblər.

Rus dilində çox çətinliklə danışa bilən alman əsgəri partizanlara başa salıb ki, o, iki aydan artıqdır ki, xidmət etdiyi hissədən qaçaraq işğal olunmuş kəndlərdə gizlənir. Vermaxt əsgəri könüllü olaraq sovet qoşunlarının tərkibində almanlara qarşı döyüşmək istəyində olduğunu da söyləyib. Sözsüz ki, onun bu dedikləri partizanlar üçün inandırıcı olmayıb və onlar alman əsgərini qərargaha aparıblar.

Qərargahda tərcüməçi vasitəsilə alman əsgəri hər şeyi daha aydın izah edib...

ESGERİ.jpg (155 KB)

Frits Qans Verner adlı alman əsgəri 14 fevral 1916-cı ildə Almaniyada anadan olub. Almaniya Kommunist Partiyasının üzvü olan atası 1932-ci ildə nasistlərin partiya yığıncağına hücumu zamanı öldürülüb. Həmin ərəfədə Verner kommunistlərin gənclər təşkilatına qoşulub və elə həmin vaxtdan da atasının qisasını alacağını özünə söz verib.

Verner kərpic zavodunda işləyib. 1938-ci ildə hərbi xidmətə çağırılanda xəstəlik adı ilə xidmətdən yayınıb. Amma növbəti dəfə həkim komissiyasından keçəndə onun sağlam olduğu və xidmətdən qəsdən yayındığı aşkar olub. Verneri buna görə cəzalandıraraq iki il müddətinə həbsxanaya göndəriblər.

Almaniyanın SSRİ-yə hücumu başlayanda Verner qisas almağın əsl məqamı olduğunu düşünüb və könüllü olaraq hərbi xidmətə yollanıb. Bir neçə aylıq hərbi kurs keçdikdən sonra Vermaxtın 186-cı diviziyasının tərkibində qərb cəbhəsinə göndərilib.

Vernerin planı döyüş ərazisində sovet qoşunlarının tərəfinə keçmək və almanlara qarşı döyüşmək olub. Bu planı həyata keçirməkdə isə müəyyən problemlər yaranıb. Rus dilində mükəmməl danışa bilməyən, əynində Vermaxt forması olan Verner yaxşı dərk edib ki, təmas xəttini keçəndə heç bir sorğu-sualsız güllələrə tuş gələcək. Bütün bunları göz önünə gətirən alman əsgəri fikrindən dönməyib. Gecədən xeyli keçmiş o, öz mövqeyini tərk edərək meşənin sıx olduğu tərəfə istiqamət alıb.

ESGERİN.jpg (148 KB)

Smolensk ətrafındakı kəndlərə çatana qədər Verner iki gün meşələrdə gecələməli olub. Nəhayət, Podmoşye kəndinə yetişən alman əsgəri kiçik bir müşahidə apardıqdan sonra müəyyənləşdirib ki, hədəf seçdiyi evdə yaşlı qadından başqa heç kim yaşamır.

Beləliklə, Verner “hədəf”inin qapısını döyüb. Yaşlı rus qadın qapını açanda uzun-uzadı izahata ehtiyac qalmasın deyə o, bir neçə dəfə “Lenin, Stalin, Telman” deyərək fikrini qısa ifadə edib. Məsələni təxmini də olsa, anlayan rus qadın Verneri evinə buraxıb.

İki ay mərhəmətli rus qadının evində gizli yaşayan Verner buradan partizan dəstələrinə qoşulmağın yollarını axtarıb, bunun üçün gecələr kəndin ətrafına çıxıb, partizanların yerini axtarıb. Amma sonda partizanlarla yox, “özününkülərlə” rastlaşıb.

Fevralın 16-da iki alman zabiti onu tutaraq nəzarətləri altında olan Kurqanovo kəndinə gətiriblər ki, səhəri gün mühakimə olunmaq üçün hərbi tribunala göndərsinlər. Səhəri gün isə partizanlar onu ələ keçirərək qərargahlarına aparıblar.

Partizanlar bir müddət Verneri öz yanlarında saxlayıblar. Ona inanmayıblar. Alman əsgərinin öz fürerinə xəyanət etməsi inandırıcı görünməyib. Hələ ki, ona silah da etibar edilməyib. Qəfil baş verən döyüşlərin birində Verner öldürülmüş partizanın silahını ələ keçirərək alman pulemyotçusunu elə ilk atəşdən məhv edib. Düşmənin arxasında qalan partizan dəstəsinin üzvlərini xilas etməyə nail olub.

Bu hadisədən sonra Verner sovet əsgərinin formasını geyinib, ona silah verilib.

Verner növbəti əməliyyatların birində yenidən öz köhnə formasını geyinib, almanların mövqe tutduğu yerə yaxın bir ərazidə 11 alman zabitini əsir götürərək partizanlara təhvil verib.

Alman qoşunlarının kəndlərə tankla hücumu zamanı o, müxtəlif peşə sahibləri olan, heç bir hərbi biliyə malik olmayan partizanlara alman tanklarında yanacağın harada yerləşməsini izah edib, başa salıb ki, həmin yanacaq tutumlarını hədəf seçmək lazımdır və beləliklə də bir əməliyyatda 5 alman tankı sıradan çıxarılıb.

Partizan dəstəsində ərzaq qıtlığı yarananda Verner yenə hərəkətə keçib. O, yenidən köhnə libasını geyinərək almanlara ərzaq daşıyan yük maşınını partizanların ixtiyarına göndərib.

Vernerin bir-birinin ardınca almanlara vurduğu zərbə Vermaxtda müzakirə mövzusuna çevrilib. Alman əsgərinin törətdiyi əməllər haqqında Hitlerə də məruzə edilib. Fürer Vernerin ələ keçməsi üçün xüsusi əməliyyat hazırlanmasını göstəriş verib, istər dirisini, istərsə də ölüsünü gətirənə böyük məbləğdə pul mükafatı vəd edib.

Bundan xəbərdar olan Verner isə öz fəaliyyətini davam etdirib. O, partizanlar arasında nüfuza, hörmətə sahib olub.

1943-cü ildə partizan dəstələri sovet qoşunlarının tərkibinə daxil olanda Verner hərbi kəşfiyyat məktəbində kurslar bitirərək “Pole” kəşfiyyat qrupunun komandir müavini təyin olunub. Bu ərəfədə o, “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.

PLAQU.jpg (76 KB)

1944-cü ilin yanvar ayında Minsk ətrafında almanların hazırladığı əməliyyat nəticəsində Verner ələ keçib. Fevralın 22-də tribunalın çıxardığı hökmlə onu güllələyiblər.

Müharibədən sonrakı illərdə Vernerin qəhrəmanlığı unudulub. Yalnız 1960-cı illərin əvvəllərində arxiv sənədlərinin araşdırılması zamanı Vernerin döyüş fəaliyyəti, partizan hərəkatındakı fəallığı, göstərdiyi qəhrəmanlıqlar yenidən gündəmə gəlib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 oktyabr 1964-cü il tarixli fərmanı ilə Verner ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı və “Lenin” ordeni ilə təltif edilib.