Bir milyard insanın əziyyət çəkdiyi XƏSTƏLİK - Necə qorunmalı?
    • Dünən, 21:03
    • 56

Bir milyard insanın əziyyət çəkdiyi XƏSTƏLİK - Necə qorunmalı?

Dünyada təxminən bir milyarda yaxın insan yüksək qan təzyiqindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə hər il hipertoniya xəstəliyindən dünyada doqquz milyon insan ölür. İnsanda yüksək qan təzyiqinin əsas səbəblərindən biri qeyri-sağlam həyat tərzidir. Gündəlik həyat tərzində və qida rasionunda bəzi dəyişikliklər etməklə normal təzyiqə sahib olmaq mümkündür.

Onlar hansılardır?

1. Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün birinci düşmən oturaq həyat tərzidir. Buna görə də iş rejimindən asılı olmayaraq açıq havada piyada gəzməyə, səhərlər idman etməyə vaxt tapmaq mütləqdir. Oturaq işdə çalışanlar hər saatdan bir 5-10 dəqiqə fasilə verərək otaq şəraitində olsa da belə gəzişməli və hərəkət etməlidir.

2. Normal təzyiqə sahib olmaq üçün orqanizmin C vitamininə tələbatını ödəmək mütləqdir. Limon, naringi, portağal, qarağat kimi meyvələri qida rasionunuza daxil etsəniz bu tələbatı qismən də olsa ödəyə bilərsiniz.

3. Hipertoniyanın əsas səbəblərindən biri damarların piy parçalanmasının məhsulları ilə “zibillənməsidir”. Meyvələrdə və tərəvəzlərdə olan sellüloz qan damarlarının təmizliyinin və elastikliyinin qorunmasına kömək edir. Sellülozun damarlara kifayət edən miqdarını gündə öz seçiminizə uyğun olaraq beş alma, üç-dörd kök, 300 qram qaynadılmış kələm, paxla yeyərək almaq olar.

4. Normal təzyiq üçün həyati vacib olan kaliumun da müsbət təsiri böyükdür. Mütəxəssislər müəyyən ediblər ki, üç ay ərzində az kalium qəbul edən insanların arterial təzyiqi 4,5 faiz artıb. Kaliumun ən yaxşı mənbələri təzə pomidor, tomat şirəsi, kartof və kişmişdir.

5. Daha çox kalsium qəbul edin, o, damarların divarlarını möhkəmləndirir. Kalsiumun gündəlik norması seçiminizə görə 200 qram kəsmiyin və ya 0,7 litr südün tərkibində var.

6. Qan təzyiqindən əziyyət çəkənlər balıq məhsullarına daha çox üstünlük verməlidirlər. Həmçinin bir qab yulaf sıyığı yeməklə qan təzyiqini 5-10 şkala aşağı salmaq olar. Duzdan istifadəni minimuma endirmək zəruridir. Ən başlıcası isə siqaretlə vidalaşmaq lazımdır.

7. Alkoqol hipertoniyanın inkişafı üçün güclü faktordur. Bəzi tədqiqatçılar onu qan təzyiqinin artmasının ən əsas səbəblərindən biri hesab edirlər. Bu səbəb alkoqolun böyük dozasının qəbulundan sonrakı yaranan damar spazmalarıdır.

Ümumiyyətlə, bütün xəstəliklərdən qorunmaq və profilaktika üçün sağlam həyat tərzi ən əsas şərtdir. O cümlədən qan təzyiqinizin normal olması üçün də bu şərtə əməl etmək lazımdır. Sağlam həyat tərzinə qədəm qoyun, normal qan təzyiqinə sahib olun./Medianews.az