“Distribütorlar benzin “mafiası”ndan qorxurlar”
    • Bu gün, 17:05
    • 69

“Distribütorlar benzin “mafiası”ndan qorxurlar”

Tarif Şurası Dövlət Neft Şirkətinin (SOCAR)  müraciəti əsasında cari ilin iyun ayının 29-dan etibarən yanacağın qiymətini artmasıyla bağlı qərar qəbul edib.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyənləşib.

Tarif Şurası açıqlamasında Aİ-92 markalı benzin istehsalının dünyanın əksər ölkələrində istehsal olunmadığını və dizelin daha yüksək ekoloji zərər verdiyini əsas gətirərək yanacağın bahalaşdığını bildirib. Şura, dünyada elektrik və hibrid mühərrikli avtomobillərə keçid sürətlə davam etdiyini qeyd edərək inkişaf etmiş ölkələrdə benzin və dizel mühərrikli avtomobillərin (e-yanacaqla işləyənlər istisna) istehsalının dayandırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini də qeyd edib.

Avtosfer.az xəbər verir ki, qiymət artımı sürücülərin ikiqat narazılığına səbəb olub. Belə ki, onlar bahalaşma ilə yanaşı, yanacağın keyfiyyətinin də aşağı düşməsindən şikayət edirlər. Hətta, istifadəçilər yanacağın qiyməti qalxdıqdan sonra sərfiyyatın da artdığını iddia edirlər.

Məsələylə bağlı Avtosfer.az-a danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov benzinin keyfiyyəti ilə bağlı ciddi problemlərin olduğunu bildirib: “Həmişə vurğulayıram ki, ən yaxşı ekspertiza ictimai rəydir. Bəli, bu sahədə qeyri-şəffaflıq var. SOCAR nəzdində heç bir İctimai Şura yaratmır və mövcud olanlar da çox effektsiz fəaliyyət göstərir. Bir sözlə, bu sahədə ictimai nəzarət sıfıra bərabərdir. Yanacaqdoldurma məntəqələrində monitorinqlər aparan, çənlərin dərinliyini ölçən, aparatların düzgün işlədiyini müəyyən edən hər hansı bir ictimai qurum yoxdur”.

Eyyub Hüseynov vətəndaşların mövcud problemlə bağlı “Azad İstehlakçılar” Birliyinə də tez-tez müraciət etdiklərini vurğulayıb: “Bu məsələylə bağlı mütəmadi olaraq şikayətlər gəlir. Sübutu olan vətəndaşların Birliyimizə rəsmi ərizəylə müraciət etməyə çağırıram.”

E.Hüseynov onu da əlavə edib ki, bu sahədə ən çox əziyyət çəkən fərdi istehlakçılar deyil, avtomobil şirkətlərinin Azərbaycanda olan distribütorlarıdır. “Onlar  ölkəyə təzə avtomobil gətirir, zəmanət verirlər. Daha sonra istehlakçı Azərbaycan benzinindən avtomobilə tökür və qısa müddətdə mühərrik sıradan çıxır. Bu zaman distribütorlar böyük xərc hesabına nəqliyyat vasitəsinin mühərrikini təmir etməyə və ya dəyişməyə məcbur olurlar. Bununla bağlı rəsmi servislər mənə deyirlər ki, buna səbəb yanacağın keyfiyyətsiz olmasıdır. Lakin qorxularından səslərini çıxara bilmirlər. Bəzi avtomobil distribütorlarında benzinin keyfiyyətini ölçən portativ cihaz var. Dəfələrlə həmin cihazın “Azad İstehlakçılar” İctimai Birliyinə verilməsini və bunun müqabilində onlara hüquqi yardım göstərə biləcəyimizi demişəm. Təəssüf ki, distribütorlar bu addımı atmırlar. Sanki benzin mafiasından necə deyərlər çəkinirlər.”

Ekspert qeyd edib ki, hal-hazırda ucuz, Koreya istehsalı avtomobil idarə edir. “Həmin avtomobilin yenisini almaqdan çəkinirəm. Çünki yanacaq yeni gələn nəqliyyat vasitələri ilə düzgün “davrana bilmir”. Bir sözlə, son model avtomobillər “premium” yanacaqla işləməyə uyğundur, lakin ictimai rəyə əsasən, ölkədəki yanacağın keyfiyyəti müqayisə olunmaz dərəcədə aşağıdır”.

Sonda Eyyub Hüseynov Avtosfer.az vasitəsilə avtomobil distribütorlarına çağırış edib: “Distribütorlar qorxmasınlar, əksinə səslərini qaldırsınlar. Lazım gələrsə “Azad İstehlakçılar” İctimai Birliyi onlara dəstək verər və bununla da biz benzinin keyfiyyətsizliyini sübuta yetirərək avtomobillərə dəyən zərərin benzin istehsalçıları tərəfindən ödənilməsinə nail ola bilərik”.