Ruhi Əliyeva: “İçindən şəhid baxışları boylanan balaları ziyarət etmək borcumuzdur” - FOTO/VİDEO
    • 7-03-2022, 17:13
    • 3 194

Ruhi Əliyeva: “İçindən şəhid baxışları boylanan balaları ziyarət etmək borcumuzdur” - FOTO/VİDEO

“Həyatımın ən özəl günü də, ən yaddaqalan anı da məhz sizlərlə birgə keçirdiyim zamandır. Bu Vətən, bu torpaq üçün özünü fəda edən, övladlarının üzünü görmədən həyatla vidalaşan ömür-gün yoldaşlarınızın xatirəsi bizim ən böyük and yerimiz,  əmanət balalarınız bizim hər birimizin ən doğması, əzizidir. Sizin qəlbinizə düşən qor, can yanğısı hər birimizin dərdi, hər birimizin ağrısıdır. Azadlıq uğrunda şəhid oğulun anası bizim baş tacımız, qürur yerimizdir”.

News24.az xəbər verir ki, bu sözləri tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva şəhid ailələri ilə növbəti görüşündə dedi.

Doğum gününü və çərşənbə axşamını beş şəhid ailəsini ziyarətlə qeyd edən Ruhi Əliyeva “öncədən də söz verdiyim kimi mən bundan sonrakı bütün əlamətdar günlərimi şəhid ailələri, şəhid balaları ilə birgə keçirəcəm”, deyə bildirdi. 

O, öz heyətilə öncə adını atasından pay alan balaca Fəridəni və 2 yaşlı Muradın atası şəhid Fərid Əliyevin ailəsini ziyarət etdi. Şəhidin xanımı Elnarə Əliyeva ömür-gün yoldaşının cəsurluğundan, Vətən sevgisindən qürurla danışaraq iş xanımı Ruhi Əliyevanın da bu xeyirsevərliyini və təşəbbüsünü məmnuniyyətlə qarşıladı, təşəkkür etdi. 

İkinci ünvanımız şəhid Vüsal Məmmədovun ailəsidir. Vüsal Məmmdovun xanımı Zemfira Məmmədova həyat yoldaşından bəhs edir: “Vüsala Allah o qədər böyük ürək, elə böyük sevgi vermişdi ki, ondan bütün Azərbaycana pay düşdü”. Şəhid xanımı bir yaş bir aylıq oğlu Hüseyinin adının da öncədən atası Vüsal Məmmədovun verdiyini deyib.

Digər ünvan şəhid Süleyman Bağırovun qapısıdır. Bu ailə də iş xanımı Ruhi Əliyevanın xüsusilə diqqətində olan şəhid ailələrindəndir. Çünki o, şəhid Süleyman Bağırovun hazırda bir yaş olan qızı Nilufərin dünyaya gəlməsinə maddi və mənəvi köməyini əsirgəməyib. Şəhidin həyat yoldaşı Mehriban Bağırova bu diqqətinə görə Ruhi Əliyevaya təşəkkürünü bildirdi, əksər Azərbaycan ailələrinə məxsus qonaqpərvərliyini əsirgəmədi. 

Evində 3 oğul böyüyən şəhid İlqar Zeynalovun ailəsinin qapısını çalırıq. Oğlu İlqar 9 aylıqdır. Evlərinə gələn qonaqların diqqətindən qürurlanan 5 yaşlı Əhməd və 6 yaşlı Rəfael “hərbçi kostyum”larını geyinib, əsgər kimi farağat komandası almış vəziyyətdə durur. Ruhi Əliyeva evində 3 əsgər böyüyən bu ailəyə qayğıkeşliyini əsirgəməyəcəyini vəd edir.

Beşinci getdiyimiz ünvan isə şəhid Vüsal Qənbərlinin ailəsidir. Həyat yoldaşı Könül Şatanova evinə gələn qonaqların qarşısında bir yaş bir aylıq oğlunu bağrına basaraq, kövrək və bir az da ötkəm səslə, şəhidin yadigarını atası ruhda vətənpərvər, mərd, igid böyüdəcəyini bildirir.

Qayıdarkən Ruhi xanım “Şəhid ailələri qürur yerimizdir, cəmiyyətimizin ən həssas təbəqəsi, diqqətəlayiq olan bu ailələri ziyarət etmək mənəvi borcumuzdur. Əlim yetsəydi, fiziki olaraq imkanım çatsaydı bütün şəhid ailələrini ziyarət edər, dərdlərinə yetişər, hər birinin içindən şəhid baxışları boylanan bu balaların qayğısına qalardım. O, “vətənimiz üçün, bizlər üçün, gələcəyimiz üçün canlarını fəda edən bütün şəhid ailələrinə içdən dua edirəm”, deyə bildirdi.