2022-ci il hansı önəmli hadisələrlə yadda qaldı? – SİYASİ BAXIŞ
    • 30-12-2022, 16:10
    • 378

2022-ci il hansı önəmli hadisələrlə yadda qaldı? – SİYASİ BAXIŞ

2022-ci il bir sıra mühüm siyasi hadisələrlə yadda qaldı. Bu hadisələr dünyanın yeni düzənininə yön verən hadisələr oldu. Azərbaycan üçün də bəzi vacib hadisələrə şahidlik etdik. 

Politoloq Natiq Miri 2022-ci ilin önəmli siyasi hadisələrini News24.az-a bölüşüb.

O bildirib ki, 2022-ci ildə əsas hadisə fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya təcavüzüdür: “Bu müharibə qlobal şəkillənmə prosesinə istiqamət verir. Çünki ABŞ özünü dünyanın hökmranı hesab edir, lakin bu yöndə əngəlləri var. ABŞ-nin qəbul etdiyi strateji proqramda təhlükə yaradacaq iki dövlətin adı keçir: Rusiya və Çin.

Ukrayna müharibəsi ilə Rusiya bu bataqlığa təhrik olundu. Bu kobud səhvi Rusiya dövlət rəhbərliyi buraxdı. Yanlış hesablamalar bugünkü Rusiyanın iqtisadi, siyasi, həm də hərbi cəhətdən çöküşünə gətirib çıxardı. Artıq bundan sonra Rusiyanın qlobal güclər kimi həmin statusda, sırada yer tutması mümkün deyil. 

Yəni, qismən də olsa, artıq ABŞ öz istəklərinə nail olub. Bu məsələ həm də digər proseslərə təzahür edib. Ukraynada baş verən qarşıdurma Rusiyanın geosiyasi maraqları olan digər regionlara da sirayət edib. Cənubi Qafqazda çox ciddi bir qarşıdurma var. Eyni şeyi biz Orta Asiya və Mərkəzi Asiyada da müşahidə edirik. Rusiya hər yerdə zəiflədikcə, mərkəzdənqaçma prosesi güclənir. Mərkəzi Asiyada Türk Dövlətləri Birliyi qarşılıqlı inteqrasiyanı gücləndirirlər. Cənubi Qafqazda isə Rusiyanın tədricən sıxışdırılması prosesinə başlanılıb. Ona görə də ilin ən önəmli və bir çox qlobal səviyyədə dəyişikliklərə gətirə biləcək hadisəsi Rusiya-Ukrayna müharibəsidir”. 

Politoloqun fikrincə, Azərbaycan üçün ilin önəmli siyasi hadisələrinə nümunə kimi sərhəddə və Qarabağ ərazisində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Ordumuzun keçirdiyi hərbi əməliyyatlar var. Bu xüsusda vacib strateji yüksəkliklər geri qaytarılıb. Vəng kəndi və onun yüksəkliyi Azərbaycanın nəzarətinə keçdi. Bu da artıq Xankəndini və digər bölgələri nəzarətdə saxlamağa imkan verir. 12-14 sentyabr tarixlərində növbəti erməni təxribatına cavab olaraq Azərbaycan Ordusu adekvat hərbi əməliyyatlar keçirdi. Nəticə etibarilə Ordumuz çox böyük strateji üstünlük əldə etdi”.  

O əlavə edib ki, önəmli hadisələrdən biri “Baykar Savunma” şirkətinin “Qızıl alma” pilotsuz uçuş aparatını PUA tanıtmasıdır: “Bu hadisə dünyada böyük səs gətirdi. Qardaş Türkiyə adına çox böyük müvəffəqiyyət sayıla bilər. 

Azərbaycan və Türkiyə arasında hərbi yaxınlaşmanın çox ciddi sürətlə davam etdiyini görürük. Türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alması mühüm hadisələrdən biridir. Bu qərar Azərbaycan ordusunun NATO standartları çərçivəsində yenidən qurulmasına töhfə verəcək. Artıq “iki dövlət, bir millət və bir ordu” layihəsinə start verilib. Bu, çox əhəmiyyətli addımdır. Azərbaycana hər hansı bir təhdid olarsa, sözügedən bir ordunu həmin dövlət qarşısında görəcək. Eyni məsələ Türkiyəyə də aiddir. 

Nəhayət, son hadisə Laçın yolunda Azərbaycan xalqının etirazıdır. İki həftədən artıqdır ki, bu etiraz davam edir. Bu etiraz nəticəsində Azərbaycan bu yola nəzarəti və Qarabağda özünün müəyyən istəklərini təmin edə biləcək”.