BMT Ukraynaya yardım üçün 4,2 mlrd dollar istədi
    • 15-01-2024, 12:30
    • 102

BMT Ukraynaya yardım üçün 4,2 mlrd dollar istədi

BMT donorlardan 2024-cü ildə Ukraynadakı qurbanlara, ukraynalı qaçqınlara və onları qəbul edən icmalara humanitar yardım göstərmək üçün 4,2 milyard dollar ayırmağı xahiş edib.

News.24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə,  Cenevrə bəyanatında deyilir ki, BMT və onun tərəfdaşları Ukraynadakı müharibədən zərər çəkmiş şəxslərə, eləcə də ukraynalı qaçqınlara və onların bölgədəki icmalarına dəstək olmaq üçün donorlardan ümumilikdə 4,2 milyard dollar istəyib. Yardımın Ukraynada və regionda təxminən 10,8 milyon insan üçün nəzərdə tutulduğu bildirilib.

Təşkilat qeyd edib ki, Ukrayna daxilində humanitar ehtiyaclara cavab OCHA tərəfindən əlaqələndirilir və bu il 8,5 milyon insan üçün müvafiq yardım planının həyata keçirilməsi üçün 3,1 milyard dollar lazımdır. BMT QAK isə öz növbəsində bölgədə 2,3 milyon ukraynalı qaçqına dəstək verilməsini əlaqələndirir. 2024-cü ildə bu məqsədlər üçün 1,1 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

BMT-nin məlumatına görə, Ukraynada 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Təxminən 6,3 milyon insan ölkəni tərk edib. Ukraynalı qaçqınların əksəriyyəti Avropadadır, halbuki onların yalnız 40-60%-i işlə təmin olunur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi humanitar planın yayımlanması ilə bağlı bildirib ki, bütün qaçqınlara kömək göstərilməli və vəziyyət imkan verdikdə onları könüllü geri qayıtmağa hazırlamaq üçün istedadlarından istifadə etmək və inkişaf etdirmək imkanı verilməlidir. 

Mehriban Mirzəzadə