Bu məktəb ömürlük çörək verir - REPORTAJ
    • 7-04-2022, 17:41
    • 576

Bu məktəb ömürlük çörək verir - REPORTAJ

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediaturun məqsədi məktəbdə tətbiq edilən "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanış olmaqdır.

News24.az xəbər verir ki, sözügedən məktəbin peşə təmayüllü siniflərində 3 profil üzrə ( kənd təsərrüfatı, xidmət, təmir-tikinti) 10 peşə ixtisası tədris edilir.

Layihədə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma ustası, aqronom, dərzi, İT, bərbər peşə ixtisaslarının tədrisi mövcuddur. Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb. Hazırda layihə “Peşə Təhsili üzrə Dövlət Agentliyi”-nin nəzdində fəaliyyət göstərir. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Qeyd edək ki, ölkə üzrə 20 məktəbdə 20 peşə təmayüllü sinif açılıb. 2020-2021-ci tədris ilində isə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 165 müəllim heyəti ilə fəaliyyət göstərib. Hazırda 2021-2022-ci tədris ilində "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi növbəti 45 yeni sinif açmaqla siniflərin sayını paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124 sinfə çatdırıb.

Yeni siniflərin açılması ilə hazırda 414 nəfər müəllim, 2387 şagirdi əhatə edir. Bu ildən bütün məktəblərdə “STEAM” modulu və karyera məsləhəti xidməti, 32 məktəbdə isə “Sürücülük” modulu tətbiq edilir. Hər tədris ilində layihə əməkdaşlarının əmək qabiliyyətinin yüksəldilməsi məqsədilə müxtəlif təlimlər təşkil edilir. PTS-də fəaliyyət göstərən qrup rəhbərləri və assistentlər üçün “incə bacarıqlar”, “əsas səriştələr”, “STEAM” mövzularında təlimlər, ixtisas müəllimləri üçün isə metodiki-didaktik təlimlər keçirilir.

Reportajı təqdim edirik:

Foto/Video: Nicat Niftəliyev