Şəhid ailələri üçün iftar süfrəsi təşkil edildi- FOTOLAR
    • 14-04-2023, 08:55
    • 338

Şəhid ailələri üçün iftar süfrəsi təşkil edildi- FOTOLAR

Dünən Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi açılıb.

News24.az xəbər verir ki, nazirliyin Qadınlar və hərbi qulluqçular ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova Ramazan ayının gözəl ənənələrindən birinin doğmaları, əziz insanları yad etmək, onlarla iftar süfrəsi arxasında oturmaq, Uca Yaradana birlikdə dua etmək olduğunu deyib: “Bizim üçün də doğma, dəyərli insanlar şəhidlərimizin əmanətləri, qazilərimizdir. Bu gün biz şəhadətə ucalmış Vətən oğullarının yadigarları ilə bir süfrəni bölüşürük. Doğrudur, dövlətimiz daim şəhid ailələrindən, müharibə əlillərindən və qazilərdən öz dəstəyini əsirgəmir. Lakin hər bir vətəndaşın borcudur ki, Vətən uğrunda can alıb can verən qəhrəmanları, onların ailə üzvlərini yad etsin, xüsusi günləri həmin qəbildən olan vətəndaşlarla qeyd etsin. Şəhidlərimiz hər birimizin ağrılı yeridir. Elə cəsarətli, qorxmaz oğulları itirmək hər birimiz üçün çox ağırdır. Lakin təsəllimiz odur ki, əbədiyyətə ucalan oğulların qanı yerdə qalmayıb. Onların silahdaşları öz döyüş yoldaşlarının qisasını savaş meydanında alıblar. Azad torpaqlarımıza ayaq basdıqca şəhidlərimizin ruhunun da o ərazilərin səması üzərindən bizə təbəssüm etdiklərini duyuruq. Vətən fədailərini unutmamaq, onların dillərdə dolaşan şücaətini gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vəfa borcudur. Bu cür məclislərdə şəhid ailələri ilə bir araya gələrək onlara mənəvi dəstəyimizi ifadə etmək istəyirik. Doğrudur, nə etsək də, nə o qəhrəmanlar geri gəlməyəcək, nə də şəhidlərimizin əmanətlərinin qəlblərindəki acı azalmayacaq. Biz, sadəcə, onlara dərdlərinə şərik olduğumuzu hiss etdirmək istəyir və bayramları, xüsusi günləri qəhrəmanlarımızın yadigarları ilə keçirməyi özümüzə borc bilirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu müqəddəs ayda Uca Yaradandan Ali Baş Komandan Prezident İlham Əliyevi və onun qəhrəman ordusunu hifz etməyi diləyir, qazilərimizə isə tezliklə şəfa taparaq əvvəlkindən də sağlam olmalarını arzulayırıq”.