Bufetdəki yeməklər şagirdlər üçün təhlükəlidir?
    • 27-10-2023, 19:56
    • 231

Bufetdəki yeməklər şagirdlər üçün təhlükəlidir?

Bir neçə gün əvvəl Binə qəsəbəsində şagirdlərin məktəbdən kənarda yedikləri dönərdən 24 nəfər zəhərləndi. Bu məsələ məktəblilərin qida təhlükəsizliyi məsələsini cəmiyyət üçün, özəlliklə valideynlər üçün təzədən aktuallaşdırmış oldu.

Bəs şagirdlərin ən sevimli məkanlarından olan məktəb bufetlərində vəziyyət necədir?

News24.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.6.-cı bəndinə görə, ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

"Həmçinin bildiririk ki, təhsil müəssisələrində iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda və Normalar"la tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar var.

"Lakin buna çox vaxt əməl olunmur. Hazırda məktəblərdə bufetlər icarəyə verilib. AQTA bufetlərdə monitorinqlər aparır. Lakin ictimai nəzarət də yerində olmalıdır. Xüsusilə valideynlər komitəsi fəal olmalıdır. Məktəb müəllimləri ilə əlbir işləməli və daim məktəb bufetlərində monitorinqlər aparmalıdırlar", - deyə o qeyd edib.

Bəs "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"na əsasən, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar hansılardır?

Siyahısı aşağıdakı kimidir:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu

2. Bir gün əvvəl hazırlanmış qida

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla)

6. İçalatı təmizlənməmiş quş

7. Vəhşi heyvanların əti.

8. Suda üzən quşların yumurtası və əti

9. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər

11. Termiki emala məruz qalmayan yaşıl noxud

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar)

15. Termiki emala məruz qalmayan, təbii halda olan kosmik və xama

16. Ev şəraitində hazırlanmış qatıq

17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları)

18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas

19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd

20. Təbli halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq

21 Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər

22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar

23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəz və meyvələr

24. Təbii kofe, energetik içkilər

25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar

26. Qazlaşdırılmış içkilər

27. Bitki yağları əsasında süd məhsulları və dondurma

28. Saqqız, çipslər

29. Tərkibində etanol olan (0,5%-dan artıq) qımız və turş süd məhsulları

30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər

31. Yumurtalı makaronlar, qayğanaq

32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər