FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir - VİDEO
    • 10-05-2024, 16:24
    • 95

FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir - VİDEO

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskar oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və FHN-in əməkdaşları iştirak ediblər.

General-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb.

Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının Dahi Rəhbərinə necə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov bildirib ki, hələ sovetlər dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi yolunda mühüm addımlar ataraq, bugünkü müstəqilliyimizin ilkin təməllərini yaradıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən xaos, anarxiya fonunda yenicə əldə etdiyimiz müstəqilliyin itirilməsi, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda xalq öz Xilaskarına müraciət etdi. Xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin həmin dövrdəki fəaliyyəti, sözün əsl mənasında, siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. Müdrik uzaqgörənliyə, böyük siyasi və idarəçilik qabiliyyətinə, bənzərsiz təşkilatçılıq bacarığına, ən əsası, sonsuz Vətən sevgisinə malik Dahi Rəhbər xarici təhdidlər, hərbi təcavüz, daxili qarşıdurmalar, habelə sosial və iqtisadi fəlakət vəziyyətində olan ölkəni faktiki məhv olmaqdan xilas etdi, daxili və xarici qüvvələrin məkrli planlarını iflasa uğratdı. Beləliklə, Azərbaycan öz Dahi Liderinin, böyük oğlunun səyləri nəticəsində tarixin ən çətin sınaqlarından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi.

Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müasir müstəqil, qalib Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri bütün dünyanı heyran qoyub.

Kəmaləddin Heydərov fəxarət hissilə diqqətə çatdırıb ki, bu gün həm də Heydər Əliyev Fondunun 20 illik yubileyidir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu özünün 20 illik fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, sosial və digər sahələrdə, xalqımızın mənəvi irsinin qorunması və təbliği, ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması və digər istiqamətlərdə böyük işlər görüb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsi kimi cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Həyata keçirilən layihələrin hamısı müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənir.

K. Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.