Kim: Cənubi Koreya mediası əsassız şayiələr yayır
    • Bu gün, 11:39
    • 67

Kim: Cənubi Koreya mediası əsassız şayiələr yayır

Şimali Koreya lideri Kim Çen In ötən həftə ölkədə baş verən sel fəlakəti zamanı uğurlu xilasetmə əməliyyatı həyata keçirən Koreya Xalq Ordusunun (KPA) Hərbi Hava Qüvvələri bölməsinə təbrik səfəri edib.

News24.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, səfəri zamanı danışan Kim, 4 min 200-ü helikopterlərlə xilas edilən 5 mindən çox fəlakət qurbanının qapalı qaldıqları bölgələrdən təxliyə edildiyini açıqlayıb. 

Fəlakətdə heç bir can itkisinin olmadığını və bunun "inanılmaz" olduğunu bildirən Kim Cənubi Koreya mətbuatında çıxan "min və ya 1500-dən çox insanın ölümü gözlənilir" və "xilasetmə zamanı bir neçə helikopterin qəzaya uğradığı" xəbərinə toxunaraq, deyib:

"Cənubi Koreya mediası əsassız şayiələr yayır".

Seulda bu cür qarayaxma kampaniyalarına can atanların bəd niyyətlərinin aydın olduğunu qeyd edən Kim ölkəsinin imicini ləkələməyə çalışanları qınayıb. Kim xilasetmə əməliyyatında uğur qazandığı üçün ziyarət etdiyi vertolyot bölməsinə xidmətə görə medal təqdim edib, bölmə komandirini isə qızıl medalla təltif edib.

Günel Məlikzadə