“Kursumuz artdıqca qiymətlər də artır” - Tələbələr universitet bufetlərindən NARAZIDIR
    • 4-05-2022, 14:08
    • 250

“Kursumuz artdıqca qiymətlər də artır” - Tələbələr universitet bufetlərindən NARAZIDIR

“Çox nadir hallarda bufetə girirəm. Çalışıram ki, dərsə gələndə yolumun üstündəki mağazalardan özüm üçün yeməyə nəsə alıb, gətirim. Çünki bufetdə satılan ərzaqların qiyməti bahadır. Tələbə təqaüdüm buna yetmir”.

News24.az xəbər verir ki, bu sözləri universitetlərin qarşısında söhbətləşdiyimiz tələbələrin əksəriyyəti dedi. Bildirdilər ki, bufetlərdəki qiymətlər olduqca bahadır: “Bufetlərin adı bizim, dadı onu işlədənlərindir”.  

Tələbələrin dediklərinin ardınca, biz də kiçik araşdırma etdik.
Öncə, Bakı Dövlət Universitetinin bufetindən başladıq. Məlum oldu ki, 300 ml “Coca-cola” marketdə 60 qəpiyə satıldığı halda,  burda 1 manata satılır. Mağazalarda 80 qəpiyə olan 300 mllik “Cappy” meyvə şirəsi isə burda 1 manat 40 qəpiyədir. Marketdə 89 qəpiyə təklif olunan “kruassan”I burda  1.20 qəpiyə ala bilərsən. Dönər isə 60 qəpik daha baha, yəni 1 manat 80 qəpiyə satılır. Hətta saqqız belə bu bufetdə  80 qəpiyədir. Halbuki onu mağazalar 50 qəpiyə satır. 

Bufetdə aztəminatlı tələbə yalnız çay ala bilir. O da, olsa: “Bufetimizdə ən ucuz satılanı çaydı. Ama bəzən onu da ala bilmirik, çünki bizə daha baha olan kofeni  satmaq üçün “çay yoxdur” deyirlər. Hər kurs dəyişəndə bizimlə birlikdə qiymətlər də böyüyür.”

Bir çox tələbələr deyir ki belə xərcləri qarşılaya bilmək üçün dərsdən sonra çalışmaq məcburiyyətindəyik:  “Bufetdəki qiymətlər cibimizə uyğun deyil. Aldığımız ən yuxarı təqaüd 150 manatdı. Bufetdə isə təkcə su 1 manata satılır. Əgər o 150 manatı bufetə xərcləsək, bəs, başqa xərclərimizi necə qarşılayacağıq?! Hələ yol pulu, əyin-baş, geyim-keçim dərdini demirəm. Belə problemlər üzündən əlavə işdə işləməyə məcbur oluruq.”
Nəzərə alsaq ki, tələbəyə verilən tənəffüs müddəti 10 dəqiqədi. Bu qısa vaxt ərzində  marketə gedə bilmədiyi üçün o ya ac qalmalı, ya da pulundan keçib dəfələrlə baha təklif olunan məhsulu almalıdır. 

Bu məsələ yalnız BDU tələbələrini deyil,  Memarlıq və İnşaat Universitetinin bufetindən yararlananları da narahat edir.
Çünki bu təhsil ocağının bufetindəki mənzərə də BDU-dakından fərqlənmir.  Universitetin 4-cü kurs tələbələrindən biri deyir ki, tələbə olduğu gündən bu vaxtadək bir dəfə olsun bufetdən ərzaq almayıb: “1-ci kursdan ümid edirdim ki, vaxt keçdikcə qiymətlər düzələcək. Amma düşündüyümün  əksi oldu. Qiymətlər azalmaq əvəzinə günü-gündən artır. Hətta market qiymətlərindən 2-3 qat baha satılan məhsullar da var. Bahalığı bir yana, satılan qidalar keyfiyyətinə görə də o qiymətə dəymir.”

2-ci kursda oxuyan gənc xanım isə bufetdəki bahalıq üzündən çox zaman sonuncu dərsə qədər gözləməyə məcbur olduğunu deyir: “130 manat təqaüd alıram. Bununla həm kitab almalıyam, həm  yol pulu verməliyəm. Bu büdcə ilə necə bufetdən nəsə ala bilərəm?! Çox zaman acsam da, ya sonuncu dərsə qədər gösləyirəm, ya da dərsarası qaçıb marketə gedirəm.”