Bakıda sərxoş halda qətl törədən şəxsin cəzası ağırlaşdırıldı
    • 4-05-2022, 16:10
    • 484

Bakıda sərxoş halda qətl törədən şəxsin cəzası ağırlaşdırıldı

Bakı Apelyasiya Məhkəməsində 2019-cu ilin 24 iyul tarixində gecə saat 3 radələrində Binəqədi rayonu ərazisində paytaxt sakini Kamran Abdullayevi bıçaqlayaraq öldürən Yevlax sakini, 1997-ci il təvəllüdlü Pərvin Çərkəzovla bağlı apellyasiya şikayətinə baxılıb.

News24.az-ın məlumatına görə, Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin P.Çərkəzov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 14 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökmünü ləğv edib.

P.Çərkəzov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə uyğun olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Qeyd edək ki, hadisə gecə saat 3 radələrində baş verib. Həmin vaxt Binəqədi rayonu H.Ağamalıyev küçəsində sərxoş halda uca səslə tefonda danışan və söyüş söyən Pərvinə Kamran Abdullayev irad bildirib. Kamran Pərvinə yaxınlaşaraq “məhlədə niyə söyüş söyürsən”, “nə olub qaqaş, problem nədir, problem axtarırsan?” deyib. Pərvin də cavab olaraq “sənə problem lazımdı? Lazımdırsa yaradaq, problem yoxdu” sözlərini deyib və dava düşüb. Bu zaman Pərvin Kamranın üzərinə gəldiyindən Kamran özünü müdafiə üçün Pərvinə təpik atıb. Pərvin təpikdən yayınmaq üçün geri çəkilərkən müvazinətini itirərək yerə yıxılıb və sonra durub Kamranın üzərinə gəlib Kamranın ayağının baldır hissəsinə bıçaqla vurub qaçıb. 

Bıçaq Kamranın vena damarını kəsib və o, çoxlu qan itirib. Xəstəxanaya çatdırılsa da, bədənindəki qanın böyük hissəsini itirən Kamran vəfat edib.

Qeyd edək ki, iş Ali Məhkəməyədək gedib. Belə ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Lakin zərərçəkmişin ailəsi Ali Məhkəməyə müraciət edərək qətl törədən şəxsin daha ağır maddə ilə ittiham edilməsini tələb edib. Ali Məhkəmə bu tələbi qəbul edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.